Safarli Sports Law
← Bloqlar və yeniliklər
BloqFutbol hüququ

Turan Tovuz işi: UEFA yarışlarında iştirak hüququ və danışılmış oyunlar

Məhəmməd Səfərli, LL.M.25 Oktyabr 2026Oxuma müddəti: təxminən 13 dəq
Stolüstü futbol oyunu: mavi və qırmızı oyunçu fiqurları

Giriş

2026/2027 futbol mövsümünün başlanmasından öncə UEFA-nın Turan Tovuz Futbol Klubu barədə verdiyi qərar geniş müzakirələrə səbəb oldu. Belə ki, UEFA Apellyasiya Orqanı (“UEFA AO”) 2 iyun 2026-ci il tarixli qərarı ilə Turan Tovuzun 2026/2027 UEFA Konfrans Liqası Əsasnaməsinin (“Əsasnamə”) 4.01(g) maddəsində nəzərdə tutulan tələbi ödəmədiyi və buna görə də, öncəki mövsümdə Azərbaycan Premyer Liqasını 3-cü yerdə başa vurmuş olmasına baxmayaraq, 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında (“UEFA KL”) iştirak hüququnun olmadığı qənaətinə gəlmişdir.1

Hazırkı bloq bu işdə tətbiq olunan hüquqi çərçivənin və idman hüququ prinsiplərinin, həmçinin digər futbol klublarının və futbol klubları idarəçilərinin bu işi nəzərə alaraq hansı hüquqi məsələlərə fikir verməli olduqlarının qısa şəkildə izahı məqsədilə yazılmışdır.

I. İşin əsas halları və hüquqi çərçivəsi

Hüquqi təhlildən öncə Turan Tovuz işində baş verən halların qısa şəkildə icmalına nəzər salmaq faydalıdır.

13 dekabr 2019-cu ildə AFFA İntizam Komitəsi danışılmış oyunlarla bağlı baxılan işdə aşağıdakı qərarını (“AFFA İK Qərarı”) elan etmişdir2:

“Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.

Birinci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

Turan Tovuz (I Divizion)

  1. Qocayev Sənan – futbolçu
  2. Rüstəmov Misir – futbolçu
  3. Bağırov Emin – futbolçu
  4. Sadıqov İlkin – futbolçu
  5. Məmmədov Rüfət – futbolçu
  6. Tağıyev Eltay – futbolçu
  7. Quluzadə Şahin – futbolçu

(...)

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.”

AFFA İK Qərarından maraqlı şəxslərin heç biri apellyasiya şikayəti verməmiş və beləliklə də, qərar qanuni qüvvəyə minmişdir.

Turan Tovuz 2025/2026 mövsümünü Azərbaycan Premyer Liqasının 3-cüsü kimi bitirmiş3 və buna görə də, UEFA KL-da iştirak üçün ilkin idman kriteriyasını ödəmişdir.

Əsasnamənin 4-cü maddəsi UEFA KL-da klubların iştirakı üçün yerli liqada tələb olunan nəticəni göstərməkdən əlavə şərtlər də nəzərdə tutur.4 Bu şərtlər UEFA yarışlarında iştirak edən bütün klubların eyni qayda və prinsiplərə tabe edilməsi, mübahisələr olduğu təqdirdə bu mübahisələrin vahid forumda həll edilməsi və s. bu kimi UEFA yarışlarının səmərəli təşkilinə xidmət edən məqsədləri güdür. Məsələn, Əsasnamənin 4.01(f) maddəsi klubların, klubların oyunçularının və rəsmi şəxslərinin İsveçrədə yerləşən İdman Arbitraj Məhkəməsinin (“CAS”) yurisdiksiyasını qəbul etmək və dövlət məhkəmələrinə müraciət etməmək öhdəliyini şərtlərdən biri kimi nəzərdə tutur. Bu məcrada, Əsasnamənin 4.01(g) bəndi aşağıdakı tələbi irəli sürür:

“Yarışlarda iştirak hüququ əldə etmək üçün klublar 1 mart 2016-cı il tarixindən (yəni, bu qaydaların qüvvəyə minməsindən 10 il əvvəl) etibarən istənilən vaxt milli və ya beynəlxalq səviyyədə keçirilən oyunların nəticələrinin əvvəlcədən müəyyən edilməsinə və ya ona təsir göstərilməsinə yönəlmiş hər hansı fəaliyyətdə birbaşa və ya dolayı yolla iştirak etməmiş olmalı və bunu UEFA Administrasiyasına yazılı şəkildə bəyan edərək təsdiqləmiş olmalıdırlar.”

Yuxarıdakı maddədə nəzərdə tutulan UEFA Administrasiyasına yazılı şəkildə bəyan etmək öhdəliyi Əsasnamənin 4.01(b) maddəsi ilə tənzimlənir:

“Yarışlarda iştirak hüququ əldə etmək üçün klublar rəsmi iştirak sənədlərinin tam, dəqiq və lazımi qaydada imzalanmış variantlarını təqdim etməlidirlər (buraya UEFA Administrasiyasının klubların qəbul meyarlarına uyğunluğunu müəyyən etmək üçün zəruri hesab etdiyi bütün məlumatları ehtiva edən sənədlər, o cümlədən bu Əsasnaməyə Əlavə H-də nəzərdə tutulmuş Qəbul Meyarları Forması daxildir).”

Beləliklə, UEFA KL-da iştirak etmək üçün klublardan Əsasnamədə nəzərdə tutulmuş sənədlərin lazımi qaydada təqdim edilməsi də tələb olunur. 4.01(b) maddəsində istinad edilmiş Qəbul Meyarları Forması özlüyündə 4.01(g) maddəsindəki danışılmış oyunlarla bağlı öhdəliyi ehtiva edir. Belə ki, Əsasnaməyə Əlavə H-nın 2(g) maddəsi aşağıdakıların klub və klubun üzvü olduğu müvafiq milli assosiasiya tərəfindən təsdiq edilməsini tələb edir:

“Klub və üzv assosiasiya hər biri müvafiq olaraq təsdiq edirlər ki, klub 2016-cı il martın 1-dən etibarən (yəni UEFA-nın müvafiq klub yarışları əsasnaməsinin qüvvəyə mindiyi tarixdən on il əvvəl) keçirilən oyunların nəticələrinin əvvəlcədən müəyyən edilməsinə və ya ona təsir göstərilməsinə yönəlmiş hər hansı fəaliyyətdə birbaşa və ya dolayı yolla iştirak etməmişdir.

Əgər klub və müvafiq üzv assosiasiya yuxarıda göstərilənləri təsdiq edə bilmirlərsə, klub və üzv assosiasiya əlavə olunmuş formada klubun iştirak etdiyi hər hansı bu cür fəaliyyətlə bağlı hazırda malik olduqları bütün əlaqəli məlumatları təqdim etməlidirlər (istər intizam, istərsə də məhkəmə icraatı ilə əlaqədar, həmçinin bu cür icraatın hələ də davam edib-etməməsindən və ya klubun, onun oyunçularının və ya rəsmi şəxslərinin bəraət alıb-almaması və ya məhkum edilib-edilməməsi ilə nəticələnmiş olmasından asılı olmayaraq).”

Bu öhdəliyi nəzərə alaraq Turan Tovuz klubunun tərəf olduğu 13 dekabr 2019-cu il tarixli AFFA İK Qərarı barədə UEFA-ya məlumat verilmişdir.5

UEFA İntizam Əsasnaməsinin6 tələblərinə uyğun olaraq UEFA işin araşdırılması və Turan Tovuzun UEFA Konfrans Liqasında iştirak şərtlərini ödəyib-ödəmədiyini araşdırmaq üçün Etika və İntizam Müfəttişi (“EİM”) təyin edir. Adətən, EİM iş üzrə araşdırma apararaq nəticələrini birinci instansiya orqanı olan UEFA Nəzarət, Etika və İntizam Orqanına təqdim etsə də, 2026/2027 UEFA Konfrans Liqasının püşkü yaxınlaşdığından və buna görə də, işin təcili olduğunu nəzərə alaraq Turan Tovuzun işi birbaşa UEFA AO-ya baxılması üçün təqdim edilmişdir. Bu prosedur UEFA İntizam Əsasnaməsinin 29.3-cü maddəsində ehtiva edilmişdir.

UEFA AO 3 iyun 2026-cı il tarixində iş üzrə qərarını elan etmişdir7:

“Turan Tovuz qəbul meyarları

Apellyasiya Orqanı: Turan Tovuzun qəbul meyarları

Azərbaycan klubunun 2026/2027 UEFA Konfrans Liqasında iştirak etmək hüququnun olmadığı müəyyən edildi.

2026-cı il iyunun 2-də UEFA Apellyasiya Orqanının Sədri aşağıdakı qərarı qəbul etdi:

Qərar: 2026/2027 UEFA Konfrans Liqası Qaydalarının 4.01(g) maddəsi ilə tələb olunan qəbul şərtini, yəni milli və ya beynəlxalq səviyyədə keçirilən oyunların nəticələrinin əvvəlcədən müəyyən edilməsinə və ya ona təsir göstərilməsinə yönəlmiş hər hansı fəaliyyətdə birbaşa və ya dolayı yolla iştirak etməmiş olmaq şərtini ödəmədiyinə görə Turan Tovuzun 2026/2027 UEFA Konfrans Liqasında iştirak etmək hüququna malik olmadığı müəyyən edilsin.”

Turan Tovuz UEFA AO qərarından CAS-a apellyasiya şikayəti vermiş, lakin CAS UEFA AO qərarını qüvvədə saxlamışdır.8

II. Əsas hüquqi nüanslar və hüquqi təhlil

Qeyd

İlk öncə onu vurğulamaq lazımdır ki, UEFA AO-nun və CAS-ın bu iş üzrə verdiyi qərarlarının əsaslandırma hissəsi ictimaiyyətə açıqlanmamışdır. Buna görə də, aşağıdakı hüquqi təhlil UEFA-nın və ya CAS-ın rəsmi mövqeyi yox, oxşar işlər üzrə əvvəl çıxarılmış CAS qərarlarının Turan Tovuz işinə tətbiqi nəticəsində müəllifin özünün təhlili və UEFA və CAS qərarlarının nələrə əsaslanmış ola biləcəyi barədə gəldiyi nəticələrdir.

UEFA AO yuxarıda da istinad edilmiş Əsasnamənin 4.01(g) maddəsinə əsaslanaraq Turan Tovuzun UEFA KL-da iştirak hüququnun olmadığını müəyyən etmişdir. Maddənin mətni klubların son 10 il ərzində oyunların nəticələrinin əvvəlcədən müəyyən edilməsinə və ya ona təsir göstərilməsinə yönəlmiş hər hansı fəaliyyətdə birbaşa və ya dolayı yolla iştirak etməmiş olmaqlarını tələb edir.

a. UEFA AO qərarının hüquqi təbiəti. İntizam və administrativ tədbirlər anlayışları

Əvvəlcə, UEFA AO-nun Turan Tovuz işi üzrə qəbul etdiyi qərarın beynəlxalq idman hüququ prinsiplərini nəzərə alaraq hüquqi təbiətinə diqqət yetirmək önəmlidir. Danışılmış oyunlar üzrə ənənəvi qaydada qəbul edilən intizam qərarları hazırkı iş üzrə qəbul edilmiş qərardan fərqləndirilməlidir. CAS təcrübəsində bu fərqləndirmə “intizam qərarları” və “administrativ qərarlar” olaraq nəzərdən keçirilir. İntizam qərarları və ya intizam təbiətli qərarlar dedikdə tərəfi törətdiyi pozuntuya görə müvafiq intizam qaydaları əsasında cəzalandırmaq məqsədi güdən qərarlar nəzərdə tutulur. Administrativ qərarlar isə bu cür məqsəd güdmədən, müvafiq orqanın (assosiasiyanın) tənzimləyici qaydalarına əməl edilməsinin təmin edilməsi məqsədini daşıyır.

CAS bu fərqləndirməyə öz hüquq təcrübəsində də toxunmuşdur:

“119. CAS təcrübəsində müəyyən edildiyi kimi, bir assosiasiyanın özünün üzvləri ilə bağlı gördüyü tədbirləri əsasən administrativ aktlara və intizam tədbirlərinə bölmək olar (məsələn, CAS 2007/A/1381 və CAS 2008/A/1583). Danışılmış oyunların qarşısını almaq və onlara qarşı tədbirlər görmək üçün UEFA öz qaydalarında ikili tənzimləmə rejimi tətbiq edib və iki fərqli növ tədbir müəyyən edib:

  • Bir tərəfdən, administrativ tədbir kimi (UEFA Nizamnaməsinin 50.3-cü maddəsi və UEFA Avropa Liqası Əsasnaməsinin 2.07(g) və 2.08-ci maddələri), UEFA öz Nizamnaməsində və yarış qaydalarında yeni bir qəbul meyarı müəyyən etmişdir. Bu meyara görə UEFA Nizamnaməsinin 50.3-cü maddəsinin qüvvəyə mindiyi tarixdən, yəni 2007-ci il aprelin 27-dən etibarən milli və ya beynəlxalq səviyyədə oyun nəticəsinin razılaşdırılmasına və ya ona təsir göstərilməsinə yönəlmiş hər hansı fəaliyyətdə “birbaşa və ya dolayısı ilə iştirak etmiş” klub, növbəti dəfə vəsiqə qazandığı müvafiq UEFA yarışında avtomatik olaraq iştirak hüququnu itirir. Bu, UEFA-nın oyun nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizəsinin ilk və qabaqlayıcı səviyyəsidir və yarışların bütövlüyünü, imicini və nüfuzunu qorumağa yönəlmişdir.
  • Digər tərəfdən, UEFA öz intizam qaydalarını futbola qarşı olan bu yeni təhlükəyə uyğunlaşdırmış və oyun nəticələrinin razılaşdırılması pozuntularını bu intizam qaydalarına açıq şəkildə daxil etmişdir ki, bu cür fəaliyyətləri araşdırıb cəzalandıra bilsin. Xüsusilə, UEFA İntizam Əsasnaməsində (bu işə tətbiq olunan 2008-ci il versiyasının 5.2(j) maddəsi) bu hərəkətlər UEFA-nın davranış prinsiplərinin pozulması kimi müəyyən edilmişdir: “özü və ya üçüncü şəxs üçün əsassız üstünlük əldə etmək məqsədi ilə UEFA-nın Nizamnamə üzrə məqsədlərinə zidd olan davranışla oyunun gedişinə və ya nəticəsinə təsir göstərə biləcək şəkildə hərəkətlər etmək”. Buna görə də, bu cür hər hansı pozuntu UEFA İntizam Əsasnaməsində müəyyən edilmiş intizam rejiminə tabedir. Bu, UEFA-nın danışılmış oyunlara qarşı mübarizəsinin ikinci və cəzalandırıcı səviyyəsidir və oyun nəticələrinin razılaşdırılması fəaliyyətlərini cəzalandırmağa yönəlmişdir.

120. Bu iki fərqli tədbiri əlaqələndirmək üçün UEFA müəyyən etmişdir ki, UEFA Avropa Liqası Əsasnaməsinin 2.08-ci maddəsi üzrə administrativ tədbir “mümkün intizam tədbirlərinə xələl gətirmədən” (Nizamnamənin 50.3-cü maddəsi) tətbiq olunacaqdır. Bu intizam tədbirlərini isə səlahiyyətli intizam orqanları qəbul edə bilər (UEFA Avropa Liqası Əsasnaməsinin 2.09-cu maddəsi). (...)”

CAS 2014/A/36259, para. 119-120

Hazırkı işdə də, UEFA AO Turan Tovuzun və ya oyunçularının 2019-cu ildə həqiqətən danışılmış oyunlarda iştirak edib-etmədiyini, edibsə belə bununla bağlı hansı dərəcədə təqsirli olub-olmadığını və digər bu kimi işin mahiyyəti ilə əlaqədar olan sualları cavablandırmırdı. UEFA AO yalnız Turan Tovuzun Əsasnamənin 4.01(g) maddəsindəki tələbini ödəyib-ödəmədiyini araşdırmışdır. Nəticə etibarilə, qəbul edilmiş qərar, nə qədər klubun fəaliyyətinə ciddi təsir göstərmiş və ciddi yarışdan kənarlaşdırmış olsa da, intizam qərarı və ya tədbiri hesab edilmir.

AFFA İK Qərarı 2019-cu ildə artıq qanuni qüvvəyə minmişdi. Bu o deməkdir ki, UEFA-nın həmin iş üzrə gəlinmiş nəticələri artıq təsdiq edilmiş faktlar kimi qəbul etmək və onların əsasında müvafiq qərarlar qəbul etmək səlahiyyəti var idi. Bu Əsasnamənin 4.02-ci maddəsində də öz əksini tapmışdır:

“UEFA ona məlum olan bütün hallar və məlumatlar əsasında klubun 2016-cı il 1 mart tarixindən etibarən (yəni bu qaydaların qüvvəyə mindiyi tarixdən on il əvvəl) istənilən vaxt milli və ya beynəlxalq səviyyədə oyun nəticəsinin əvvəlcədən razılaşdırılmasına və ya ona təsir göstərilməsinə yönəlmiş hər hansı fəaliyyətdə birbaşa və ya dolayısı ilə iştirak etmiş olduğu qənaətinə gələrsə, həmin klubun yarışda iştirak hüququ olmadığını müəyyən edəcəkdir. Bu cür iştirak hüququnun olmaması yalnız bir futbol mövsümü üçün qüvvədədir. Qərar qəbul edərkən UEFA milli və ya beynəlxalq idman orqanının, arbitraj məhkəməsinin və ya dövlət məhkəməsinin qərarına əsaslana bilər, lakin bu cür qərarları əsas götürmək məcburiyyətində deyildir. (...)”

Hazırkı işdə də, UEFA AFFA İK Qərarında müəyyən edilmiş faktları əsas götürmüşdür. AFFA İK Qərarının 2019-cu ildə qəbul edilməsinin əsaslı və ya əsassız olması, Turan Tovuzun rəsmi şəxslərinin 2019-cu ildəki iş üzrə nə dərəcədə təqsirli olması hazırkı UEFA işi üzrə əhəmiyyət daşımamışdır.

İntizam və administrativ fərqləndirmə hazırkı işdə Turan Tovuzun müdafiə çərçivəsini müəyyən qədər daraltmışdır. Belə ki, idmandakı intizam işlərində bəzən cinayət hüququnda da tətbiq olunan və Turan Tovuza müəyyən dərəcədə kömək edə biləcək bəzi prinsiplər tətbiq olunsa da (məsələn, təqsirsizlik prezumpsiyası, cəzanın mütənasibliyi prinsipi və s.), administrativ işlərdə bunlar bir qayda olaraq tətbiq edilmir. Buna görə də, UEFA AO yalnız Əsasnamənin məqsədləri və tələbləri çərçivəsində işi araşdırmalı və administrativ qərar qəbul etməli idi.

b. “Birbaşa və ya dolayısı ilə iştirak” anlayışı

AFFA İK Qərarı artıq məcburi hüquqi qüvvə əldə etmiş olduğuna görə, UEFA AO-nun bu işdə əsas vəzifəsi AFFA İK Qərarını nəzərə aldıqda Turan Tovuzun danışılmış oyunlarla əlaqədar hər hansı fəaliyyətdə birbaşa və ya dolayı yolla iştirak edib-etmədiyinin müəyyən edilməsi idi. Maddədə “birbaşa və ya dolayı iştirak” fərqləndirilməsi həmin maddənin yalnız klubun rəsmi şəxslərinin şəxsən oyunların nəticələrinin manipulyasiyasında iştirak etdiyi halları yox, həmçinin başqa dolayı üsullarla da bu cür fəaliyyətdə iştirak etdiyi halları da əhatə etdiyini göstərir. Bu CAS təcrübəsində də öz təsdiqini tapır. CAS 2016/A/4650 işində aşağıdakılar müəyyən edilmişdir:

“(...) klubun arqumenti (oyunçuların qeyri-düzgün davranışının nəticələrinin klubun üzərinə düşməməli olması) rədd edilməlidir. UEFA Çempionlar Liqası Əsasnaməsinin 4.02-ci maddəsinin mətninə əsasən, klubun iştirak hüququnun olmadığının elan edilməsi üçün klubun bilavasitə təqsirli olması tələb olunmur (CAS 2014/A/3628, CAS saytında dərc olunmuş xülasənin 136-cı paraqrafı). Arbitrlər hesab edirlər ki, bu UEFA qaydasına əsasən bir və ya bir neçə oyunçunun davranışı klubun “dolayısı ilə iştirakına” səbəb olur. Buna görə də klub ən azı dolayısı ilə oyunların nəticələrinin əvvəlcədən razılaşdırılması fəaliyyətində iştirak etmişdir (...).”

CAS 2016/A/465010, para. 104

Əlavə olaraq, CAS 2014/A/3628 işində də oxşar işlə bağlı aşağıdakılar təsbit edilmişdir:

“Arbitrlərin fikrincə, UEFA Avropa Liqası Qaydalarının 2.08-ci maddəsinin məqsədini və tərtibat formasını nəzərə alaraq, klubun bu maddə əsasında iştirak etmək hüququnun olmadığını elan etmək üçün klubun qadağan olunmuş fəaliyyətlə əlaqədar hər hansı səviyyədə təqsirli olub-olmadığı əhəmiyyət daşımır.”

CAS 2014/A/362811, para. 136

Bunları nəzərə alaraq, UEFA AFFA İK Qərarı ilə təsbit edilmiş Turan Tovuzun 7 oyunçusunun 2019-cu ildə danışılmış oyunlarda iştirakını fakt kimi qəbul etmiş və nəticə etibarilə də, Turan Tovuzun son 10 il ərzində danışılmış oyunlarda dolayısı ilə iştirak etdiyi nəticəsinə gəlmişdir.

Beləliklə, klubların Əsasnamənin 4-cü maddəsində ehtiva edilən bütün şərtləri ödəməli olduqlarını nəzərə alaraq, 4.01(g) maddəsinin tələblərinə Turan Tovuz tərəfindən əməl edilməməsi Turan Tovuzun UEFA KL-da iştirak hüququnun olmadığı barədə qərar çıxarılmasına gətirib çıxarmışdır.

III. Nəticə və praktik tövsiyələr

Nəticə etibarilə, Turan Tovuzun hazırkı oyunçularının və rəsmi şəxslərinin 2019-cu ildə baş vermiş insidentlə əlaqələrinin olmamasına baxmayaraq klub UEFA KL-da iştirak hüququndan məhrum edilmişdir. Danışılmış oyunlarda iştirak etmiş oyunçuların klubun heyətində 7 il əvvəl oynamış olmaqlarına baxmayaraq, UEFA yarışlarının və Əsasnamənin məqsədləri çərçivəsində klub eyni hüquqi şəxs kimi nəzərdən keçirilmiş və yuxarıda qeyd edilən CAS qərarlarına əsasən danışılmış oyunlarda dolayısı ilə iştirak etmiş hesab olunmuşdur.

Turan Tovuz olduqca uğurlu mövsüm keçirmiş olsa da, UEFA KL-da iştirak hüququndan məhrum olması təəssüf doğuran haldır. Bu iş, həmçinin, futbol klublarının idarə heyətinin dəyişməsi zamanı və ya futbol klublarının idarə edilməsini həyata keçirən hüquqi şəxsin paylarının alqı-satqısı zamanı ciddi səviyyədə araşdırma (“due diligence”) aparılmasının əhəmiyyətini vurğulayır. Buna görə də, futbol klublarını idarə edən hüquqi şəxslərin paylarının alqı-satqısı və ya idarə heyətinin dəyişikliyi zamanı yalnız biznes və maliyyə məsləhətçilərinin yox, həm də idmanda tətbiq edilən hüquqi prinsiplər barədə məsləhət verə bilən idman hüquqşünaslarının da cəlb edilməsi məqsədəuyğundur.

İstinadlar

  1. UEFA Apellyasiya Orqanı Qərarı: https://www.uefa.com/running-competitions/disciplinary/updates/02a6-20c75671012c-e7784c9ee807-1000/ ↩
  2. AFFA İntizam Komitəsi Qərarı: https://www.affa.az/index.php/news/ntizam-komitsinin-qrar/65952 ↩
  3. Azərbaycan Premyer Liqası 2025/2026 mövsümü nəticələri: https://pfl.az/storage/seasons/files/6a1d32d04a530_1780298448.pdf ↩
  4. UEFA 2026/2027 Konfrans Liqası Əsasnaməsi: https://documents.uefa.com/r/Regulations-of-the-UEFA-Conference-League-2026/27/Article-4-Admission-criteria-and-procedure-Online ↩
  5. AFFA Turan Tovuz barədə xəbər: https://www.affa.az/index.php/news/mlumat/80898 ↩
  6. UEFA İntizam Əsasnaməsi: https://documents.uefa.com/v/u/Technical-Regulations/UEFA-Disciplinary-Regulations-Edition-2024-Online ↩
  7. Yuxarıda istinad 1. ↩
  8. Turan Tovuz rəsmi məlumat: https://turantovuzpfk.az/blog/news/melumat ↩
  9. CAS 2014/A/3625 Sivasspor Kulübü v. Union of European Football Association (UEFA): https://jurisprudence.tas-cas.org/pdf/3625.pdf ↩
  10. CAS 2016/A/4650 Klubi Sportiv Skenderbeu v. Union Européenne de Football Association (UEFA): https://jurisprudence.tas-cas.org/pdf/4650.pdf ↩
  11. CAS 2014/A/3628 Eskişehirspor Kulübü v. Union of European Football Association (UEFA): https://jurisprudence.tas-cas.org/pdf/3628.pdf ↩
Məhəmməd Səfərli, LL.M.
Beynəlxalq idman hüququ və arbitraj sahəsində hüquqşünas
Haqqımda daha ətraflı →
← Bloqlar və yeniliklər